Pozitiv valideynlik

Pozitiv valideynlik nədir?

Pozitiv valideynlik uşaq və yeniyetmənin sevgi və anlayış mühitində böyüməsinə kömək prosesidir. Başqa sözlə, pozitiv valideynlik empatiya və güclü valideyn-uşaq münasibətilə xarakterizə olunan valideynlik üsuludur. Pozitiv valideynlik davamiyyəti olmayan ‘bundan sonra daha pozitiv olacam’ qərarı qədər sadə məsələ deyil. Pozitiv valideyn üç şeyə sadiqdir:

Emosiyaların İdarə Edilməsi

Stress dolu günün sonunda özünüzü əldən düşmüş, əsəbi və hövsələsiz hiss edirsiniz? Gərgin gün keçirdikdə bəzən vaildeynlər istəmədən evdə daha neqativ atmosfer yaradırlar. Bu zaman uşağın ağlamağından əsəbiləşib qışqıra bilərsiniz. Belə günlərdə bəzən vəziyyət daha da pisləşə bilər. Pozitiv valideynlik isə fərqlidir. Pozitiv valideyn neqativ hiss və düşüncələrini qəbul etsə də, bunun əhvali-ruhiyyəsinə və uşaqla əlaqələrinə təsir etməsinə imkan vermir. Belə vəziyyət yarandıqda məsələyə uşağın perspektivindən baxmağa və onun ehtiyacını anlamağa çalışın. Hadisələrə reaksiya vermədən öncə dərindən nəfəs almaq evdəki atmosferi daha da sakitləşdirə və yaxşılaşdıra bilər.

Valideyn-Uşaq Münasibətinin Qorunması və Möhkəmləndirilməsi

Valideyn olmaq gündəlik, uzunmüddətli öhdəlikdir. Buna iş kimi yanaşmayın. Hər günü maraqlı yeni bir sınaq hesab edin. Uşağın böyüdüyünü, öyrəndiyini və ətraf aləmlə əlaqəsini müşahidə edin. Valideyn kimi işiniz uşağın təhlükəsizliyini təmin etmək, onu tərbiyələndirmək və ola biləcəyi ən yaxşı halda olmağa cəsarətləndirməkdir. Valideynliyə daha pozitiv perspektivdən yanaşma bir çox şeyi dəyişir. Uşaq səhv etdikdə və ya özünü pis apardıqda bunun səbəbini aydınlaşdırın. Qışqırmaq və vəziyyəti daha da pisləşdirmək əvəzinə uşağın boyu səviyyəsinə enib onunla söhbət edin. Hirslənmək və ona nə etməməli olduğunu təkrarlamaqdansa, səhvini başa salıb nə etməli olduğunu izah edin.

Uşağa Qeyd-şərtsiz Sevgi

Uşağın özünə inanan və möhkəm əqidəli olması üçün valideyn ona yol göstərməli, həyata təkbaşına atılmağa onu həvəsləndirməlidir. Uşaqlıqdan yetkinliyə qədər valideyn-uşaq münasibətinin əhəmiyyəti olduqca böyükdür. Valideyn əmin olmalıdır ki, uşaq qeyd-şərtsiz sevildiyini bilir.